Читаем без скачивания Ev - Натиг Расулзаде
Шрифт:
Интервал:
Закладка:
– O!-Stansiya rəisi heyrətlə səsləndi: – qızıl sikkə.
Mən ovcumu açıb heyrətdən nəfəsini çəkməyən tamaşaçılarıma kiçik sarı sikkəni göstərdim.
Stansiya rəisi əlini qızıla uzadıb dedi:
–Çoxdandır pula əlim dəyməyib. Onu mənim qulağımdan çıxardınız?
– Buna bənzər bir şey-deyə dəqiq cavabdan yayındım.
– Demək, bu mənimdi?-Rəis sadəlöhvcəsinə maraqlandı.
– Yox,-dedim-Bu mənimdir. Mən sizə sadəcə fokus göstərdim.
– Fokus?
– Bəli. Bu, fokusdur, – izah etməyə başladım, – əlin cəldliyi, başa düşürsünüz?
– O qədər də yox,-rəis etiraz etdi-Demək pul mənim deyil?
– Ata,-rəisin qızı söhbətə qarışdı,-bu fokusdur, sirkdə göstərirlər ha, yadına düşür?
– O qədər də yox,– az-maz. Fokus,– fikirli-fikirli təkrar edib könülsüz halda sikkəni özümə qaytardı.
– Imkan olduqda əlinizin cəldliyini bizə göstərə bilərsinizmi? – Rəisin qızı bir az nazlana-nazlana soruşdu. – Belə gözəl şeyləri çoxdan yadırğamışıq.
–Əlbəttə, məmnuniyyətlə,-dedim.
Hamı buradaydı, stansiyanın rəisi təkrar bizi bir-birimizə təqdim etdi- Onlar ağızlarını açıb yenə mənə ekzotik möcüzə, qeyri-adi məxluq kimi tamaşa edirdilər. Görünür, mən buradakı çox şeyi dərk edə bilmədiyim kimi, onların da ağlı kəsmir ki, onların stansiyasında insan necə qatardan düşə, çağırılmamış qonaq kimi həyatlarına müdaxilə edə bilər. Belə başa düşdüm ki, stansiya rəisi huşsuzluğundan yenidən bizi tanış edir, amma heç kim onun sözünü kəsib tanışlıq mərasiminin keçirildiyini söyləmədi.
Mən də dinməzcə təkrar əlləri sıxdım. Heyrətli baxışlar, təbəssümdən işarə olmayan üzlər, quru əlsıxmalar. Hər şey birinci dəfə olduğu kimiydi. Azacıq yumşaqlıq hiss olunurdu, vəziyyət müəyyən çalar almışdı, görünür, mən otağımda oturduğum az vaxt ərzində sakinlərin şəraiti müzakirə etmək və baş vermiş fakta uyğunlaşmaq imkanları olmuşdur. Maraqlıdır ki, stansiya rəisi bizi eynən əvvəlki kimi, bir ad belə çəkmədən tanış etdi, fikirləşmək olardı ki, böyük dünyadan təcrid olunub buraya yerləşdikləri uzun illər ərzində insanlar adlarını itirmişdilər.
– Bu bizim gözətçidir, bu teleqrafçı, bu, mənim qızımdır, bu, gözətçinin arvadı,-rəis sadaladı,-bu, bufetçidir, bu, mənim arvadımdır, xahiş edirəm, tanış olun, bu isə sərnişindir, səhvən bizim stansiyada düşüb, təsadüfi sərnişin deyə bilərik,-məni də təqdim edərkən əvvəlki təqdimat tərzindən az da olsa, sarpmadı, bir az şübhələnməyə başladım, yəni doğrudanmı hər fürsətdə nümayiş etdirməyə çalışdığı kimi huşsuzdür.
Beləliklə, biz bir kəlmə söz söyləmədən, bir səs belə çıxarmadan təkrar tanış olduq. Mənə elə gəldi ki, başqalarından fərqli olaraq rəisin qızı qəribə baxdı və əlimi əvvəlki əlsıxmalardan fərqli sıxdı, bir neçə saniyə artıq saxladı. Bunu yeni adamla tanışlığın doğurduğu təəssüratın ayağına yazıb önəm vermədim. Sonralar bəziləri AT kimi (adlarını axıradək bilmədim) bir, ya iki hərflə işarələndi, amma hələ onların arasında yaşamalıydım.Rəis, «buyurun deyib, ensiz qapını göstərdi, qapı ön platformadan çox ensiz arxa platformaya açılırdı və biz təsərrüfata baxmaq, mənə müvafiq iş tapmaq üçün çıxdıq. Məni yedirmək yəqin ki, yaddan çıxmışdı, özüm də xatırlatmaq istəmirdim, keçirdiyim sarsıntıdan aclıq hiss etmirdim. Çıxdığımız arxa platforma cəmi bir – iki addımlıqdı, yerdən haradasa bir metr hündürlükdəydi. Platformadan aşağıya atıldım və gözişlədikcə uzanan çölə baxdım, – artıq neçənci dəfəydi – heyrətləndim, platformanın ucundakı dörd əyri pilləkənlə aşağı enən stansiya rəisi yaxınlaşıb heç bir şey ifadə etməyən nəzərlərlə mənə baxdı.
Конец ознакомительного фрагмента.